Parisdə “Frans futbol” nəşrinin təsis etdiyi “Qızıl top”un sahibi müəyyənləşib. Tarixdə ilk dəfə 1 təqvim ilinə görə deyil, 1 mövsüm ərzində qazanılan uğurlar nəzərə alınaraq səsvermə aparılıb. Yekun nəticələrə əsasən, ötən mövsüm “Real”ın heyətindı UEFA Çempionlar Liqasının və İspaniya çempionatının qızıl medallarına yiyələnən Kərim Benzema “Qızıl top”la təltif olunub. Xatırladaq ki, fransalı təcrübəli hücumçu ötən mövsüm “Kral Klubu”nun heyətində 47 qol, 14 məhsuldar ötürməylə fərqlənib. Səsverməyə əsasən “Bavariya”dan Sadio Mane 2-ci, “Mançester Siti”dən Kevin de Bröyne 3-cü olub.
Qadın futbolçulardan isə Aleksis Putelyas ardıcıl 2-ci dəfə “Qızıl top”a layiq görülüb.
Digər nominasiyalarda da qaliblər müəyyənləşib. “Barselona”nın şərəfini qoruyan Qavi ən yaxşı gənc futbolçusu seçilib. Onun komanda yoldaşı Robert Levandovski ən yaxşı hücumçu, “Real”ın şərəfini qoruyan Tibo Kurtua ən yaxşı qapıçı adına layiq görülüb. “Mançester Siti” mövsümün komandası olub.
Sadio Mane “Qızıl top” uğrunda səsvermədə 2-ci olsa da, mükafatsız qalmayıb. Seneqallı futbolçunun ictimai fəallığı və xeyriyyəçilik fəaliyyəti nəzərə alınaraq ona yeni təsis olunan “Sokrates” mükafatı təqdim edilib.